DÜNYA
Yaponiya Baş nazirinin iqamətgahına pilotsuz uçan aparat göndərən şəxs təslim olub
Bakı, 25 aprel, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abenin rəsmi iqamətgahının damına pilotsuz uçan aparat göndərən şəxs polisə təslim olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 40 yaşlı Yasuo Yamamoto videokamera ilə təchiz olunmuş aparatı Baş nazirin iqamətgahının damına aprelin 9-da endirsə də, o yalnız aprelin 22-də aşkarlanmışdı.
TBS telekanalının məlumatına görə, Yamamoto aparata bərkidilmiş plastik qabı 2011-ci ildə zəlzələ və sunami nəticəsində qəzanın baş verdiyi “Fukusima-1” Atom Elektrik Stansiyası rayonundan zəif dozalı şüalanmaya məruz qalmış qumla doldurub. O, bu hərəkəti Yaponiyada atom enerjisini dəstəkləyən hökumətə etiraz əlaməti olaraq etdiyini deyib.
İndiyədək Yaponiyada hündürlüyü 250 metri keçməmək şərti ilə pilotsuz uçan aparatların istifadəsi üçün heç bir icazə tələb olunmurdu. Bundan sonra isə hakimiyyət onların cinayət məqsədləri üçün istifadəsinin qarşısını almaq məqsədilə sərt məhdudiyyətlər tətbiq edə bilər.