DÜNYA
Yaponiya Demokratik Partiyası digər müxalif qüvvələr ilə əməkdaşlığa çalışacaqdır
Tokio, 25 fevral (AZƏRTAC). Yaponiya Demokratik Partiyasının (YDP) lideri Banri Kayeda demişdir ki, parlamentin yuxarı palatasına qarşıdan gələn seçkilərdə daha çox yer qazanmaq üçün YDP digər müxalifət qüvvələri ilə əməkdaşlığa çalışacaqdır.
YDP-nin fevralın 24-də keçirilmiş qurultayında çıxış edən B.Kayeda bildirmişdir ki, növbəti seçkilər rəhbərlik etdiyi partiya üçün ölüm ya qalım mübarizəsi olacaqdır. Buna görə də müxalif blok kiçik fikir ayrılıqlarını kənara qoyaraq birləşməli, hakim partiyalara üstünlük qazanmağa imkan verməməlidir.
Bu, YDP-nin ötən ilin dekabrında parlamentin aşağı palatasına seçkilərdə ağır məğlubiyyətdən sonra keçirilən ilk qurultayı olmuşdur.
B.Kayeda demişdir ki, partiyanın rəhbərliyinin bacarığının kifayət qədər olmaması və düşüncələrindəki səhvlər məğlubiyyətə gətirib çıxarmışdır. Eyni zamanda, partiya üzvləri öz liderlərini dəstəkləməmiş və onun ətrafında sıx birləşməmişdilər.
DYP lideri bildirmişdir ki, Ş.Abe hökumətinin iqtisadi, fiskal və xarici siyasəti Yaponiyada sabitliyə və inkişafa imkan vermir. İctimai işlərə yönəldilən israfçı xərclər və fiskal intizamın pozulması ölkədə iqtisadi bərabərsizliyi gücləndirir və yoxsulluğun artmasına səbəb olur.
B.Kayeda vurğulamışdır ki, DYP cəmiyyətə xidmət etmək üçün Ş.Abe hökumətinə qarşı birbaşa çıxış etməyə hazırdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio