DÜNYA
Yaponiya hökuməti Ukraynadakı yaponları öz təhlükəsizliklərini təmin etməyə çağırıb
Tokio, 24 yanvar, AZƏRTAC
Yaponiya hökuməti Ukraynada yaşayan vətəndaşlarını öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno yanvarın 24-də keçirilən ənənəvi mətbuat konfransında bəyan edib.
“Əlaqədar ölkələrlə əməkdaşlıq çərçivəsində biz Ukraynadakı vəziyyəti diqqətlə izləyirik və lazım olan qərarları sürətlə qəbul edəcəyik. Hazırda bu ölkədə olan vətəndaşlarımızı vəziyyətin istənilən dəyişməsinə hazır olmağa və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımları atmağa çağırırıq”, - deyə baş katib bildirib.
Bununla yanaşı, rəsmi Tokio öz vətəndaşlarını Ukraynanı tərk etmək və ya bu ölkəyə səfərdən çəkinmək barədə tövsiyə verməyib.
Qeyd edək ki, son vaxtlar bir sıra Qərb ölkələrində və həmçinin Kiyevdə Rusiyanın Ukraynaya hərbi təcavüzə hazırlaşması barədə məlumatlar yayılır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu informasiyanı gərginliyi artırmaq üçün boş və əsassız adlandırıb. Bildirib ki, Rusiya heç kim üçün təhdid deyil. D.Peskov, həmçinin yayılan şayiələri doğrultmaq üçün müxtəlif təxribatların mümkünlüyünü də qeyd edib və Ukraynanın cənub-şərqində böhranın güc yolu ilə həllinin ciddi nəticələri ola biləcəyi barədə xəbərdarlıq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio