İQTİSADİYYAT
Yaponiya ilə Azərbaycan arasında yeni layihə üzrə qrant müqaviləsi imzalanmışdır
Bakı, 3 noyabr (AZƏRTAC). Noyabrın 3-də Yaponiya ilə Azərbaycan arasında “Gədəbəy rayonunun Əlismayıllı kəndində su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi imzalanmışdır.
AZƏRTAC xəbər verir ki, saziş Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində həyata keçirilir.
Qrant müqaviləsini Yaponiya tərəfdən səfirliyin müşaviri Toşikazu Muto, Azərbaycan tərəfdən isə icraçı təşkilat seçilən “Yardım və İnkişaf Assosiasiyası” Beynəlxalq Humanitar İctimai Birliyinin sədri Astan Şahverdiyev imzalamışlar.
Layihənin əsas məqsədi Gədəbəyin Əlismayıllı kəndində su təchizatı sistemini yenidən qurmaqla 1500 nəfər əhalinin içməli suya tələbatını təmin etməkdir. Bir il müddətində icra ediləcək layihə üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi məbləği 99 min 918 ABŞ dolları təşkil edir.
Tədbirdə iştirak edən “Azərsu” ASC-nin beynəlxalq əlaqələr və inkişaf şöbəsinin rəhbəri İlqar Tağıyev bildirmişdir ki, hazırda respublikanın şəhər və rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri icra olunur. İşlər dövlət vəsaitləri və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına maliyyələşdirilir. Buraya, həmçinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin də ayırdığı kreditlər daxildir. Bu məbləğ təxminən 440-450 milyon ABŞ dolları civarındadır. 2013-cü ilin sonunadək 10 şəhər və rayon mərkəzinin su təchizatının beynəlxalq standartlara uyğun qurulması nəzərdə tutulur.