DÜNYA
Yaponiya İmperatoru 80 yaşını qeyd etmişdir
Tokio, 24 dekabr (AZƏRTAC). Dekabrın 23-də Yaponiya İmperatoru Akihitonun 80 yaşı tamam olmuşdur. Minlərlə insan Tokiodakı İmperator sarayına gələrək, onu yubileyi münasibətilə təbrik etmişdir.
Həmin gün İmperator üç dəfə sarayın eyvanına çıxaraq onu təbrik etməyə gələnləri salamlamışdır. İmperatoru imperatriça Miçiko, vəliəhd-şahzadə Naruhito və şahzadə xanım Masako, həmçinin şahzadə və şahzadə xanım Akisinolar və onların böyük qızı Mako müşaiyət etmişlər.
İmperator müraciətində onun 80 illik yubileyini təbrik etməyə gələnlərin hamısına dərin minnətdarlığını bildirmişdir.
2011-ci ildə Yaponiyanın şimal-şərqində baş vermiş zəlzələni xatırladan İmperator, həmin rayonlarda bərpa işlərinin davam etdirildiyini bildirmişdir. O əlavə etmişdir ki, cari ildə tufan Tokionun cənubunda yerləşən İcu Osima adasına ciddi ziyan vurmuş, külək və daşqınlar isə digər yerlərdə də böyük fəsadlar törətmişdir.
İmperator demişdir ki, o, fəlakətin ziyan vurduğu insanlar haqqında düşünməkdə davam edəcəkdir və ümidvardır ki, xoşbəxtlik onlara yar olacaqdır. İmperator hamıya xoşbəxt Yeni il arzulamışdır.
İmperator sarayı dəftərxanasının verdiyi məlumata əsasən, həmin gün səhər sarayı 24 min insan ziyarət etmişdir.
Vüqar Ağayev,
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio