DÜNYA
Yaponiya sahillərində Şimali Koreya vətəndaşları saxlanılıb
Tokio, 24 noyabr, AZƏRTAC
Yaponiyanın şimal-qərbində yerləşən Akita prefekturası polisinin verdiyi məlumata görə, sahilə yan alan taxta şxunda olan səkkiz nəfər vətəndaşlığı məlum olmayan kişi saxlanılıb.
AZƏRTAC NHK telekanalına istinadla bildirir ki, həmin şəxslər Şimali Koreya vətəndaşları olduqlarını bildiriblər.
Eyni zamanda, dalğaqıranların yaxınlığında 20 metr uzunluğunda qayıq da aşkar edilib.
İctimai Təhlükəsizliyin Təmin Olunması Üzrə Dövlət Komitəsinin sədri Haçiro Okonoqinin bildirdiyinə görə, əldə edilən məlumatlar dənizdə balıq tutan həmin şəxslərin qayıqda baş verən nasazlıq nəticəsində sahilə yaxınlaşdığını təsdiq edir.
H.Okonoqi deyib ki, polis tərəfindən saxlanılan həmin şəxslərlə hazırda sorğu-sual aparılır. Məsələ aydınlaşdıqdan sonra onlarla qanuna müvafiq şəkildə rəftar olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio