DÜNYA
Yaponiya Şimali Koreyanın kimyəvi silahdan istifadə edəcəyindən ehtiyatlanır
Tokio, 11 aprel, AZƏRTAC
Yaponiyanın müdafiə naziri bildirib ki, kimyəvi silahın yayılması və istifadəsi təhlükəsi yalnız Suriyadan deyil, eyni zamanda, Şimali Koreyadan da gözlənilir.
Nazirin sözlərini sitat gətirən Kyodo agentliyi yazır: “Kütləvi qırğın silahlarının yayılması və istifadəsi təhlükəsi yalnız Suriyanın problemi deyil. Bu, Şərqi Asiyada, Koreya Xalq Demokratik Respublikasında da baş verə bilər”.
Koreya yarımadasına ABŞ-ın zərbə qrupunun istiqamətlənməsi barədə sualı cavablandıran nazir T.İnada bildirib: “ABŞ-ın qabaqlayıcı amil rolunu oynaması regionda sülhün və sabitliyin qorunması üçün zəruridir”. O, ABŞ-ın bu addımının lazımi nəticə verəcəyinə ümid etdiyini deyib.
Xəbər verdiyimiz kimi, ötən həftə ABŞ kimyəvi silahın istifadə olunduğunu əsas göstərərək Suriyaya məxsus aviabazaya raket zərbəsi endirib. Bu, ABŞ tərəfindən belə bir zərbənin Şimali Koreyaya endirə bilməsi barədə müzakirələrə səbəb olub. Aprelin 9-da ABŞ-ın “Carl Winson” aviadaşıyıcısı başda olmaqla zərbə qrupunu Koreya yarımadasına göndərdiyi barədə xəbərlər də yayılıb. Həmin qrupa iki esminesin və ballistik raketləri vurmağa qadir raketlərlə təchiz olunmuş bir kreyserin daxil olduğu bildirilir.
Həmin gün ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Herbert Makaster qeyd edib ki, belə bir qərarın qəbulu qanunauyğundur və Pxenyanın nüvə silahına malik olması “yolverilməzdir”. H.Makasterin sözlərinə görə, Prezident Tramp hərbiçilərdən xahiş edib ki, onlar bu təhlükənin aradan qaldırılması üçün təkliflərini versinlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio