DÜNYA
Yaponiya Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasiminin tarixi barədə bütün ölkələrə məlumat göndərib
Tokio, 25 iyul, AZƏRTAC
Yaponiya diplomatik münasibətlər saxladığı bütün ölkələrə sabiq Baş nazir Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasiminin tarixi barədə məlumat göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti baş katibinin müavini Seyci Kihara iyulun 25-də keçirilən mətbuat konfransında bəyan edib.
“Qarşıda gözlənilən dövlət səviyyəsində dəfn mərasiminin təşkili ilə bağlı müxtəlif fikirlər var. İştirakçıların siyahısı bir qədər gec tərtib ediləcək, hazırda bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib”, - deyə baş katibin müavini bildirib.
Xəbər verdiyimiz kimi, iyulun 22-də Yaponiya hökuməti iyulun 8-də qətlə yetirilmiş sabiq Baş nazir Şinzo Abenin dövlət səviyyəsində dəfn mərasiminin sentyabrın 27-də təşkili barədə qərar qəbul edib. Çox sayda qonağın, o cümlədən dövlət başçılarının da qatılacağı mərasimin İmperator sarayının yaxınlığında, Tokionun məşhur “Budokan” idman zalında keçiriləcəyi gözlənilir.
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşinin bildirdiyinə görə, Tokio sabiq Baş nazirin qətli ilə əlaqədar 259 ölkədən 1700-dək başsağlığı məktubu alıb.
Xatırladaq ki, iyulun 12-də Tokionun Zogogi buddist məbədində sabiq Baş nazir Şinzo Abenin ailəsinin, yaxın dostlarının və həmkarlarının iştirakı ilə buddist qaydalarına uyğun dəfn mərasimi keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio