DÜNYA
Yaponiya şirkəti gələn il ekzoskeletlərin satışına başlayacaqdır
Bakı, 29 iyun (AZƏRTAC). Yaponiyanın “Panasonic” şirkəti insana ağır yükləri asanlıqla qaldırmaq imkanı verən ekzoskelet qurğularının satışına başlamağı planlaşdırır. Bu barədə Yaponiya kütləvi informasiya vasitələri məlumat yaymışdır.
“Power Loader” ekzoskeleti möhkəm kənar karkasla təmin olunan kostyumdur. Mərkəzi kompyuter insanın əl-ayağına bərkidilərək elastik plankaları dəstəkləyən elementləri, xüsusi manipulyator isə əlləri idarə edir. Bütün bunlar kompleks şəkildə dayaq-hərəkət aparatı funksiyasını yerinə yetirir, əzələdə ağırlığı azaldır və insanın gücünü artırır. Ekzoskelet istifadəçisi çəkisi 100 kiloqramadək olan yükü asanlıqla qaldıra və onu saatda 8 kilometr sürətlə apara bilər.
Ekzoskeletin qiymətinin 5-7 min dollar olacağı bildirilir. İxtiraçılar güman edirlər ki, bir müddət sonra onların icad etdikləri qurğuya sənaye və tikinti sahələrində böyük tələbat olacaqdır.