DÜNYA
Yaponiya TPP üzrə nazirlər səviyyəsində görüş ərəfəsində ABŞ ilə razılığa gələcəyinə ümid edir
Tokio, 13 yanvar (AZƏRTAC). Yaponiyanın Trans-Sakit Okean tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə danışıqlara məsul olan iqtisadiyyatın bərpası naziri Akira Amari nazirlər səviyyəsində görüş ərəfəsində ABŞ ilə bir sıra məsələləri müzakirə etməyin mümkünlüyünə ümid etdiyini bildirmişdir.
NHK televiziya kanalı ilə yanvarın 13-də yayımlanmış verilişdə çıxış edən nazir cari ayın sonlarında keçiriləcək Dünya İqtisadi Forumu ərəfəsində ABŞ-ın ticarət nümayəndəsi Maykl Fromanla telefon əlaqəsi yaratmaq niyyətində olduğunu söyləmişdir.
A.Amari Yaponiya ilə ABŞ arasında ikitərəfli anlaşmanın TPP üzrə danışıqlarda tərəqqiyə yol açmaq üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır.
Yaponiyalı nazir demişdir ki, ümumi baxışların əldə edilməsi tamamilə mümkündür, çünki iki ölkə arasında qarşılıqlı anlaşma mövcuddur və bu, yekun razılaşmanın əldə edilməsi üçün yol xəritəsinin hazırlanacağına ümid yaradır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio