DÜNYA
Yaponiya və ABŞ kosmosun birgə tədqiqi barədə razılığa gəlmişlər
Bakı, 13 mart (AZƏRTAC). Yaponiya və ABŞ hökumətlərinin nümayəndələri kosmosun birgə tədqiqi barədə razılığa gəlmişlər.
NHK televiziya kanalı xəbər verir ki, Tokioda keçirilmiş görüşdə Yaponiya tərəfdən Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Yaponiyanın CAKSA (JAXA) Aerokosmik Tədqiqat Agentliyinin nümayəndələri və ABŞ tərəfdən Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Şurasının nümayəndələri iştirak etmişlər.
Görüşün iştirakçıları geniş məsələləri müzakirə etmişlər. Onlar Çinin kosmos proqramının coşqun inkişafına cavab olaraq kosmik müşahidəni artırmağı qərara almışlar.
Bundan başqa, iki ölkənin hökumət nümayəndələri KXDR-in kosmos proqramına nəzarətin gücləndirilməsi barədə razılığa gəlmişlər. Rusiyanın kütləvi informasiya vasitələri xəbər verir ki, Şimali Koreya hökumətinin dekabr ayında peyk buraxdıqları barədə bəyanatına baxmayaraq, əksəriyyət ölkələrin hökumətləri bunun ballistik raket sınağı olmasına şübhə edir.
Tərəflər fevral ayında Rusiyada baş vermiş iri meteorit yağışı ilə əlaqədar meteoritlərin müşahidə edilməsi üzrə beynəlxalq sistem yaratmaq üçün birgə səy göstərməyi qərara almışlar.