DÜNYA
Yaponiya və ABŞ liderləri KXDR-ə qarşı təzyiqi artırmaq barədə razılığa gəliblər
Tokio, 15 fevral, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı təzyiqi artırmaq barədə razılığa gəliblər.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna Xarici İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir ki, həmin razılaşma liderlər arasında telefon danışığı zamanı əldə edilib.
Məlumatda vurğulanır ki, iki ölkənin liderləri KXDR nüvə-raket proqramlarından imtina edənədək bu ölkəyə maksimum təzyiq göstərilməsi barədə qəti mövqelərini bir daha təsdiqləyiblər.
Baş nazir Şinzo Abenin sözlərini sitat gətirən Kyodo agentliyi yazıb: ”Şimali Koreyanın nüvə proramından imtina etməsi üçün birgə fəaliyyətimizin gələcək istiqamətlərini müzakirə etdik”. Telefon danışığı zamanı, eyni zamanda, yeni iş yerlərinin yaradılmaı ilə əlaqədar Yaponiya şirkətləri tərəfindən ABŞ-a investisiyaların yönəldilməsi istiqamətində də müzakirələr aparıldığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio