DÜNYA
Yaponiya və İtaliya G7 Sammitində proteksionizmə qarşı çıxış edəcəklər
Tokio, 22 mart, AZƏRTAC
Yaponiya və İtaliya liderləri mayda Romada keçiriləcək G7 Sammiti zamanı proteksionizm siyasətinə qarşı birlikdə çıxış etmək barədə razılığa gəliblər.
NHK telekanalının yaydığı məlumata görə, Yaponiyanın Baş naziri Romada İtaliyanın Baş naziri Paolo Centiloni ilə görüşüb. İtaliya Ş.Abenin Avropaya səfəri çərçivəsində ziyarət etdiyi dörd ölkədən axırıncısıdır.
Birgə mətbuat konfransı zamanı Ş.Abe bəyan edib ki, qarşıdan gələn G7 Sammiti iştirakçı ölkələrin həmrəyliyini nümayiş etdirəcək. Baş nazir deyib ki, Yaponiya G7-də birləşən digər ölkələrlə birlikdə qlobal problemlərin həllinə nail olmağa çalışır.
P.Centiloni isə öz növbəsində bildirib ki, Cənub Çin və Şərqi Çin dənizlərində azad dənizçilik dünya ticarəti üçün mühüm əhəmiyyətə malikdir. İtaliyanın Baş nazirinin sözlərinə görə, o və Şinzo Abe dünya ticarətinin aparılması zamanı balanslaşdırılmış tədbirlərin qəbul edilməsinin vacibliyi barədə razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio