DÜNYA
Yaponiya və Vyetnam qeyri-leqal balıq ovuna qarşı birgə təlimlər keçiriblər
Tokio, 16 iyun, AZƏRTAC
Yaponiyanın Sahil Mühafizəsi Xidməti Vyetnam Dəniz Polisi ilə birlikdə ilk dəfə Cənubi Çin dənizində qeyri-leqal balıq ovuna qarşı birgə təlimlər keçiriblər.
Təlimlər Vyetnam tərəfinin xahişi ilə iyunun 16-da Mərkəzi Vyetnamın Dananq şəhərinin sahillərində keçirilib.
Cənub-şərqi Asiyanın bu hissəsində, Vyetnama məxsus sularda Çin balıqçı gəmiləri və eyni zamanda, başqa ölkələrdən olan gəmilər qeyri-leqal balıq ovu ilə məşğuldurlar.
Təlimlərdə Yaponiyanın “Etiqo” patrul gəmisi və iki il bundan əvvəl Yaponiyanın Vyetnama bağışladığı patrul gəmiləri iştirak ediblər.
Yaponiyanın rəsmi nümayəndələri vyetnamlı həmkarlarına bildiriblər ki, onlar qeyri-qanuni balıq ovu ilə məşğul olanları saxlamazdan əvvəl sübut üçün onların fotolarını və ya videogörüntülərini çəkməlidirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio