DÜNYA
Yaponiyada alıcılara platindən hazırlanmış yeni il küknarı təklif edilir
Tokio, 23 noyabr, AZƏRTAC
Tokionun məşhur Qinza rayonunda yerləşən “Ginza Tanaka” eksklüziv zərgər məhsulları mağazası yeni ili təmtəraqlı qarşılamağı sevən alıcıları növbəti dəfə sevindirmək qərarına gəlib. Bu dəfə mağaza alıcılara platindən hazırlanmış, 300 milyon yen dəyərində (təqribən 2,6 milyon dollar) olan yeni il küknar ağacı təklif edir.
Səkkizguşəli piramida şəklində düzəldilmiş yeni il küknarı 2,6 metr hündürlüyündədir. Onun hazırlanmasına 31 kiloqram platin sərf edilib. Bu bahalı yeni il bəzəyinin əsas xüsusiyyəti onun üzərində Walt Disney kino şirkətinə məxsus “Frozen” cizgi filminin qəhrəmanlarının yerləşdirilməsidir. Həmin cizgi filmi Yaponiyada son 12 ilin ən çox mənfəət gətirən animasiya filmi olub.
Mağaza alıcılarına bu möhtəşəm küknar ağacı ilə bərabər, məşhur cizgi filminin qəhrəmanlarının platindən hazırlanmış oyuncaqlarını və şəkillərini də təklif edir.
“Tanaka Kikinzoku Jewelry K.K.” zərgərlik evinin yaydığı məlumatda bildirilir ki, qiymətli metallardan hazırlanmış yeni il hədiyyələrinin sərgisi dekabrın 25-dək, satışı isə 2015-ci il martın 31-dək davam edəcək.
“Ginza Tanaka” zərgərlik mağazası 2011-ci ilin noyabrında alıcılara qızıldan hazırlanmış 1,92 metr hündürlüyündə, 2 milyon dollar dəyərində küknar ağacı təklif etməsi ilə məşhurlaşıb. Mağaza ənənəsinə sadiq qalaraq 2012-ci ildə satışa 4,2 milyon dollar qiymətində 2,4 metr hündürlüyündə, 2013-cü ildə isə eyni hündürlükdə, lakin 5 milyon dollar dəyərində qızıl küknar ağacları çıxarmışdı.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio