DÜNYA
Yaponiyada “avatar” robot düzəltmişlər
Bakı, 18 fevral (AZƏRTAC). Yaponiyanın Keyo Universitetinin alimləri Telesar V innovasiyalı telemetrik robot işləyib hazırlamışlar. Robotun idarə olunması prinsipi Ceyms Kemeronun fantastik “Avatar” filmində göstərildiyi kimidir. Operator xüsusi avadanlığı taxan kimi Telesar V onun hərəkətlərini eyni ilə təkrar edəcəkdir.
Daily Mail yazır: Telesar V robotunu idarə etmək üçün xüsusi kostyum, virtual reallıq dəbilqəsi və sensor əlcəklər tələb olunur. Onların köməyi ilə operator “avatar”ın ətrafında baş verənlərin hamısını eşidə və görə bilər.
Əlcəklərə quraşdırılmış çox həssas ötürücülər səthin formasını və onun temperaturunu “hiss etməyə” imkan verir. Robot insan kimi əllərini sərbəst hərəkət etdirir. Telesar V robotunun yaradıcıları qeyd etmişlər ki, onların son məqsədi elə etməkdir ki, “siz özünüzü sanki başqa yerdə hiss edəsiniz”.
Gələcəkdə Telesar V robotundan partladıcı qurğuların minalardan təmizlənməsi, insan üçün təhlükəli zonalarda fəlakətlərin və qəzaların nəticələrinin aradan qaldırılması üçün istifadə oluna bilər.