DÜNYA
Yaponiyada dünyada ilk dəfə metan hidratından təbii qaz almaq mümkün olmuşdur
Tokio, 13 mart (AZƏRTAC). Yapon tədqiqatçılar alternativ enerji mənbələri sahəsində əldə etdikləri uğur barədə məlumat yaymışlar. Məlumatda bildirlir ki, dünyada ilk dəfə yapon tədqiqatçılar tərəfindən dənizin dibindəki donmuş metan hidratından təbii qaz alınmışdır.
Yaponiya Təbii Ehtiyatlar və Energetika İdarəsinin rəsmi nümayəndələrinin verdiyi xəbərə görə, təbii qaz mühəndislər tərəfindən martın 12-də əldə edilmişdir. Onlar Yaponiyanın mərkəzi hissəsindən 50 kilometr məsafədə dənizin dibində qazma işləri aparmışlar.
Həmin perspektiv qaz yatağında tədqiqatlar Yaponiya Milli Neft Şirkəti (JOGMEC) tərəfindən aparılır.
Metan hidratı donmuş vəziyyətdə olan təbii qazdır. Hazırda tədqiqatçılar stabil qaz hasilatının davam etdirilməsinin mümkünlüyünü araşdırırlar. Onların bildirdiyinə görə, əgər ərazidə qaz ehtiyatlarının təxmin edilən miqdarı öz təsdiqini taparsa, bu, Yaponiyanın təbii qaza olan tələbatını 14 il ödəyə bilər.
İdarə metan hidratının hasilatı ilə bağlı yaxın 5 ildə yeni texnologiyaların tətbiqini planlaşdırır.
Nazirlər Kabinetinin baş katibi Yoşihide Şuqa jurnalistlərə bildirmişdir ki, Yaponiyanın dünyada ilk dəfə metan hidratının eksperimantal hasilatı sahəsində uğur qazanması, təbii ehtiyatlar baxımından kasıb olan ökə üçün çox şad xəbərdir. Şuqa demişdir ki, hökumət eksperimentin kommersiya əsasında uğurla davam etdirilməsi məqsədilə müvafiq texnologiyanın əldə edilməsi üçün mümkün olan hər şeyi edəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio