İQTİSADİYYAT
Yaponiyada GUAM iştirakçısı olan dövlətlərin ekspertləri üçün enerji təhlükəsizliyi məsələlərinə dair seminar keçirilmişdir
Bakı, 26 yanvar (AZƏRTAC). GUAN-ın Kiyevdəki Katibliyindən AZƏRTAC-a bildirmişlər ki, Yaponiyada GUAM iştirakçısı olan dövlətlərin ekspertləri üçün enerji təhlükəsizliyi məsələlərinə dair seminar keçirilmişdir.
Bir həftəlik forumun təntənəli açılış mərasimində Yaponiya XİN-in GUAM məsələləri üzrə xüsusi nümayəndəsi T.Kozuki, bu ölkənin xarici siyasət idarəsinin nümayəndələri, GUAM iştirakçısı olan dövlətlərin səfirləri və ekspertləri, habelə bu təşkilatın Katibliyinin əməkdaşları iştirak etmişlər.
T.Kozuki seminar iştirakçılarını salamlayaraq ümidvar olduğunu bildirmişdir ki, seminar çərçivəsində qazanılan təcrübə energetika sahəsində GUAM-Yaponiya formatında yeni layihələrin işlənib hazırlanması üçün zəmin olacaqdır.
GUAM iştirakçısı olan dövlətlərin nümayəndələri bu tədbirin gedişində təşkilat çərçivəsində energetikanın inkişafı mövzusunda təqdimat keçirmiş, seminarın yüksək səviyyədə təşkilinə görə Yaponiya tərəfə dərin təşəkkürlərini bildirmişlər.
Forum iştirakçıları energetika obyektlərinin tikintisi, LNG, Günəş enerjisindən istifadə sahəsində Yaponiyanın təcrübəsi ilə tanış olmuş, təbii ehtiyatlar və energetika məsələləri üzrə agentlikdə, habelə Tokiodakı «Panasonic», «Mitsubishi», «JGC», «Сhiyouda» və «Kashiwano-ha Campus Smart City» korporasiyalarında olmuşlar.
Qonaqlar Tokio, Kioto və Osaka şəhərlərinin görməli yerləri ilə tanış olmuşlar.
GUAM-ın energetika üzrə işçi qrupu Yaponiyada keçirilən seminarda qazanılmış təcrübədən istifadə ediləcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev