DÜNYA
Yaponiyada Həddi-Buluğa Çatanlar Günü - “xoşbəxt bazar ertəsi” qeyd olunur
Tokio, 13 yanvar (AZƏRTAC). Yanvarın 13-də Yaponiyada Seycin-no Hi - Həddi-Buluğa Çatanlar Günü qeyd olunur.
Bu gündoğar ölkədə gənclər 20 yaşına çatdıqdan sonra həddi-buluğa çatmış hesab edilirlər və bu bayram hər il yanvarın ikinci bazar ertəsi günü qeyd olunur.
Həddi-Buluğa Çatanlar Günündə cari ildə 20 yaşı tamam olmuş gənclər bu məqsədlə təşkil olunmuş mərasimlərə qatılır, təbrikləri qəbul edirlər. Qızlar həmin gün əlvanlığı ilə seçilən uzunqollu xüsusi kimono - furisoda geyinirlər. Oğlanlar isə, əsasən, qara kostyuma üstünlük verirlər. Onların arasında kişilər üçün kimono geyənlərə də rast gəlmək olur.
Bu yaşa çatmış gənc oğlan və qızlar artıq böyüklərin hüquq və vəzifələrinə yiyələnirlər: məhz bu yaşdan sonra onlar seçkilərdə iştirak edir, qanun qarşısında tam məsuliyyət daşıyır və əmək qanunvericiliyi onlara da şamil olunur. Bundan əlavə, məhz 20 yaşına çatdıqdan sonra onlara siqaret çəkməyə və içki içməyə rəsmi olaraq icazə verilir.
Həmin gün hökumət orqanları bu gənclər üçün təntənəli mərasimlər təşkil edərək onlara xüsusi hədiyyələr verirlər. Maraqlı burasıdır ki, 20 yaşı tamam olmuş gənclərin siyahısı yerli hakimiyyət orqanlarına vergilər idarəsi tərəfindən təqdim edilir. Çünki 20 yaşı tamam olmuş hər bir gənc həyat vergisi ödəməlidir. Vergidən yayınanlara dəvətnamə göndərilmir və onlar mərasimə buraxılmırlar.
Yaponiyada Həddi-Buluğa Çatanlar Günü 1948-ci ildən başlayaraq rəsmi şəkildə qeyd edilir. Buna qədər həmin bayram yalnız ailə çərçivəsində qeyd edilmiş və məbədi ziyarətlə tamamlanmışdır.
Əvvəllər bu bayram yanvarın 15-də qeyd edilirdi və adətən bu, həftənin orta günlərinə düşürdü. Belə əlamətdar gün üçün yalnız bir günün ayrılması çox az idi. Çünki gənclərin çoxu həmin günü doğma şəhərə, evlərinə dönərək ailələri ilə birlikdə qeyd etməyə üstünlük verirdilər. 1998-ci ildə qəbul edilmiş qanuna əsasən, 2000-ci ildən başlayaraq bu bayram yanvarın birinci bazar ertəsinə keçirildi. Beləliklə, gənclər həmin bayramı üç gün ardıcıl şəkildə qeyd etmək imkanı qazanmış oldular. Bu bazar ertəsi günü isə həmin vaxtdan başlayaraq “xoşbəxt bazar ertəsi” adlanmağa başlanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio