DÜNYA
Yaponiyada may ayından bu günədək 144 nəfər istilərdən həlak olub
Tokio, 14 avqust, AZƏRTAC
Yaponiyada isti hava səbəbindən aprel ayının 30-dan bu günədək 144 nəfər həlak olub, 70 mindən çoxu xəstəxanalara yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, avqustun 6-dan 13-dək 6 nəfər günvurma səbəbindən ölüb, 7079 nəfər isə həmin diaqnozla xəstəxanalara yerləşdirilib. Günvurma nəticəsində sakinlərin xəsarət almasının səbəbi kimi bütün ölkə ərazisində davam edən kəskin istilər göstərilir. Ölkənin müxtəlif rayonlarında termometrlərin civə sütununun müsbət 40 dərəcədən yuxarı qalxması barədə demək olar ki, hər gün xəbərlər daxil olur.
Avqustun 14-də ölkənin cənub-qərbində, Fukuoka və Hiroşima prefekturalarında havanın temperaturu müsbət 37 dərəcə, Osaka və Naqoyedə isə 36 dərəcəyə bərabər olub. Yaponiya paytaxtı Tokioda isə müsbət 34 dərəcə isti qeydə alınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio