DÜNYA
Yaponiyada seçkiqabağı mübarizə başlamışdır
Tokio, 17 noyabr (AZƏRTAC). Yaponiyada noyabrın 16-da parlamentin aşağı palatası buraxılan andan seçkiqabağı mübarizəyə start verilmişdir.
Baş nazir Yoşihiko Noda və onun kabinetindəki nazirlər ümumi seçkilərin 12 günlük seçkiqabağı kampaniyadan sonra dekabrın 16-da keçirilməsi barədə qərarı təsdiq etmişlər.
Bu, 2009-cu ilin avqustunda hakimiyyətin Liberal-Demokratik Partiyadan (LDP) Demokratik Partiyanın (DP) əlinə keçdiyi vaxtdan bəri təşkil olunan ilk ümumi seçkilərdir.
Aşağı palatanın buraxılmasından dərhal sonra jurnalistlərlə görüşən Yoşihiko Noda Baş nazir postunu saxlamaq uğurunda sonadək qətiyyətlə mübarizə aparacağını bildirmişdir. DP sədri demişdir ki, seçicilərə saatlarının əqrəbini geriyə çəkmək və ya gələcəyə doğru addımlamaq arasında seçim etmək üçün imkan yaradılmışdır.
Jurnalistlərin qarşısında çıxış edən LDP sədri Sinzo Abe öz növbəsində bildirmişdir ki, onun partiyası qarşıdan gələn ümumi seçkilərə Yaponiyanın qaytarılması uğrunda döyüş kimi baxır və ölkədəki siyasi qeyri-sabitliyə və durğunluğa son qoymaq istəyir.
Digər tərəfdən həm LDP, həm də DP ilə mübarizə aparacaq üçüncü siyasi qüvvənin yaradılması məqsədilə danışıqlar aparan digər iki siyasi partiyanın atacağı addımlar ölkə ictimaiyyəti tərəfindən xüsusi diqqətlə izlənilir. Bu, Yaponiyanın Bərpası və yeni yaradılmış Doğan Günəş partiyalarıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio