DÜNYA
Yaponiyada sunami xəbərdarlığı barədə yeni sistem işə başlamışdır
Tokio, 8 mart (AZƏRTAC). Yaponiyada 2011-ci il təbii fəlakətinin təcrübəsi əsasında hazırlanmış sunami xəbərdarlığı barədə yeni sistemin istismarına başlanılmışdır.
Yaponiya Meteorologiya İdarəsi 2011-ci il martın 11-də baş vermiş sunami dalğaları barədə çox aşağı məlumat vermiş əvvəlki sistemi yenidən qurmuşdur.
Martın 7-də işə salınmış yeni sistemə əsasən, sunami dalğalarının hündürlüyü əvvəlki səkkiz kateqoriyadan beşə endirilmişdir.
Sunami haqqında məlumat verəcək idarə bildirəcəkdir ki, gözlənilən dalğaların hündürlüyü bir metr olacaqdır. Sunami xəbərdarlığı barədə məlumat verildikdə isə söhbət üç metr hündürlüyündə dalğalardan gedəcəkdir. Böyük sunami haqqında xəbərdarlıq isə dalğalar beş metrdən on metrədək və daha hündür olduqda veriləcəkdir.
Maqnitudasının sürətlə müəyyən edilə bilmədiyi güclü zəlzələlər zamanı idarə nəhəng və ya hündür dalğalar barədə xəbərdarlıq edəcəkdir.
İdarə tərəfindən on metrdən hündür dalğalar proqnozlaşdırıldığı zaman onların 2011-ci ildəki həddə olduğu barədə xəbərdarlıq yayımlanacaqdır. Bundan əlavə, idarə əhalini təcili təxliyəyə də çağıracaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio