DÜNYA
Yaponiyanın Baş naziri parlamentin aşağı palatasını sentyabrın 28-də buraxacağını bəyan edib
Tokio, 25 sentyabr, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe sentyabrın 25-də keçirilən mətbuat konfransında sentyabrın 28-də parlamentin aşağı palatasını buraxacağını rəsmi olaraq bəyan edib.
AZƏRTAC xəbər verir ki, növbədənkənar seçkilərin gələn ay keçiriləcəyini qeyd edən Baş nazir deyib: “Parlamentin aşağı palatası sentyabrın 28-də - parlamentin növbədənkənar sessiyasının başladığı gün seçkilərin vaxtından əvvəl keçirilməsi üçün buraxılacaq. Biz məktəbəqədər təhsili dəstəkləyəcək yeni iqtisadi islahatlar paketi hazırlamaq niyyətindəyik. Nəticədə cəmiyyətin dəstəyini qazanaraq, yeni xarici siyasətə və beynəlxalq ictimaiyyətlə sıx həmrəyliyə nail olacağıq”.
Baş nazir əlavə edib ki, vəzifədə olduğu beş il ərzində hökumət iqtisadiyyatı inkişafa doğru yönəldə bilib və bu siyasi xətt davam etdiriləcək. Ş.Abe qeyd edib ki, yeni dəyişikliklər üçün 2 trilyon yen (17,8 milyard dollar) vəsait ayrılacaq.
Parlamentin aşağı palatasının indiki tərkibinin səlahiyyət müddəti 2018-ci ilin dekabrında başa çatacaq. Baş nazir növbədənkənar seçkilər yolu ilə koalisiya tərəfdaşı olan Komey Partiyası ilə birlikdə hakim Liberal Demokratik Partiyanın hər iki palatadakı üstünlüyünü qoruyub saxlamağa çalışır. Parlamentin aşağı palatasına növbədənkənar seçkilərin oktyabrın 22-nə təyin ediləcəyi, seçki kampaniyasına isə oktyabrın 10-da start veriləcəyi gözlənilir. Növbəti qələbə hökumətə hazırkı siyasəti davam etdirməyə imkan yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio