DÜNYA
Yaponiyanın Baş naziri TPP üzrə danışıqlarda iştirak barədə qərar qəbul etməyə hazırlaşır
Tokio, 25 fevral (AZƏRTAC). Yaponiyanın Baş naziri Şinzo Abenin yaxın zamanlarda Trans-Sakit okean tərəfdaşlığı (TPP) çərçivəsində azad ticarət barədə danışıqlara qoşulmaq üçün qərarını elan edəcəyi bildirilir.
ABŞ tərəfinin nümayəndələri ilə həmin danışıqlarda Yaponiyanın iştirakı barədə müntəzəm əlaqə saxlayan Şinzo Abe bu barədə bəyanatın münasib vaxtını gözləyir.
Yaponiyanın Baş naziri Ş.Abe və ABŞ Prezidenti B.Obama ötən həftə keçirilmiş ilk sammitdən sonra birgə bəyanatla çıxış etmişlər. TPP üzrə danışıqlarda iştirak üçün tariflərin universal ixtisarının zəruri olmadığı bu sənəddə öz təsdiqini tapmışdır.
Belə ciddi çətinliyi aradan qaldırmış Ş.Abe hazırda hakim Liberal-Demokratik Partiya (LDP) ilə onun koalisiya tərəfdaşı Komey Partiyasının rəhbərlərinin dəstəyini gözləyir.
LDP-nin rəsmi nümayəndələri məsələ ilə bağlı hökumətin qəti qərar verməsinə razı olduqlarını bildirirlər. Onların həmkarı olan Komey Partiyası isə bu həftə ərzində öz mövqeyini dəqiqləşdirməyi planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio