DÜNYA
Yaponiyanın cənubuna çatmış Neoquri tufanı nəticəsində 40 nəfər xəsarət almışdır
Tokio, 9 iyul (AZƏRTAC). Yaponiyanın cənubunda yerləşən Okinava adasına çatmış Neoquri tufanı nəticəsində 40 nəfər müxtəlif bədən xəsarətləri almışdır. İyulun 9-da yerli hakimiyyət orqanlarının yaydığı məlumata əsasən, bu xəsarətlər güclü küləyin insanları yıxması nəticəsində baş vermiş müxtəlif sınıqlardan və zədələrdən ibarətdir.
Okinava adasında elektrik xətlərinin qırılması və digər qəzalar nəticəsində 37 yaşayış məntəqəsində 108 min nəfər elektrik enerjisiz qalmışdır. Tufan ərəfəsində bu ərazilərdən 500 mindən çox sakin təxliyə olunmuşdur. Regionda güclü külək və leysan yağışlara görə qasırğa xəbərdarlığı hələ də davam edir. Çoxlu torpaq sürüşmələri, daşqınlar və su basmış evlər haqqında məlumatlar daxil olmaqdadır. Okinavanın yaşayış məntəqələrindəki küçələrdə çevrilmiş avtomobillərdən, müxtəlif reklam lövhələrindən, digər tullantılardan yaranmış zibil təpələri diqqəti cəlb edir.
Tufanın gətirdiyi leysan yağış və güclü külək Yaponiyanın əsas adası olan Hönsüyə də çatmışdır. Yapon dənizinin sahillərində yerləşən Niiqata prefekturasında elektrik xətlərinin qırılması səbəbindən 3 min ev işıqsız qalmışdır.
Tufanın artıq zəiflədiyi və öz gücünü itirdiyi barədə məlumatlar da yayılmaqdadır. Onun mərkəzində küləyin gücü saniyədə 70 metrdən 55 metrə enmişdir.
Buna baxmayaraq, tufanın yaxınlaşdığı ərazilərin yerli hökumət orqanları əhalini maksimum ehtiyatlı olmağa çağırırlar. Neoqurinin iyulun 11-də Tokioya çatacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio