DÜNYA
Yaponiyanın, Çinin və Koreya Respublikasının xarici işlər nazirləri Tokioda görüşüblər
Tokio, 24 avqust, AZƏRTAC
Yaponiyanın, Çinin və Koreya Respublikasının xarici işlər nazirləri avqustun 24-də Tokioda aparılan danışıqlar zamanı regional məsələləri müzakirə ediblər.
Yaponiyanın xarici işlər naziri Fumio Kişida Çin və Koreya Respublikasından olan həmkarları Van İ və Yun Byon Se ilə Koreya Xalq Demokratik Respublikasının nüvə və raketlərin sınaqları məsələsi, həmçinin üç ölkə arasında azad ticarət razılaşması barədə fikir mübadiləsi aparıblar.
Nazirlərin sonradan təşkil olunacaq ikitərəfli görüşlərində qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunacağı bildirilir.
NHK televiziya kanalının yaydığı məlumata görə, F.Kişida çinli həmkarı Van İ ilə görüşündə Senkaku adaları rayonunda Çin gəmilərinin yapon ərazi sularına daxil olması ilə bağlı etirazını bildirəcək və bu ölkəni təmkin nümayiş etdirməyə çağıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio