DÜNYA
Yaponiyanın hakim partiyası və müxalifəti hökumətin istefasına yol açan qanun qəbul edilməsi barədə razılığa gəlmişlər
Bakı, 9 avqust (AZƏRTAC). Yaponiyanın hakim Demokrat Partiyası və müxalifətçi Liberal-Demokrat Partiyası ilə Komeyto Partiyası bu il avqustun sonunadək dövlət qiymətli kağızlarının buraxılışı haqqında qanun qəbul edilməsi barədə razılığa gəlmişlər ki, bu da Naoto Kan hökumətinin istefaya getməsinin başlıca şərtlərindən biridir.
Bu məsələyə dair uzunsürən gərgin danışıqlar avqustun 9-da Tokioda üç partiyanın baş katiblərinin görüşündə başa çatmışdır.
Cari 2011-ci maliyyə ili ərzində dövlət qiymətli kağızlarının buraxılışı hökumətin martın sonunda qəbul olunmuş dövlət büdcəsinin 40 faizindən istifadə etməsinə imkan verəcəkdir.
Reytinqi kritik göstəriciyə - 14 faizə enmiş Kan qanun bəyənilən kimi Baş nazir vəzifəsini vaxtından qabaq tərk etməyə razı olmuşdur.
Müxalifətin müqavimətinə baxmayaraq cari il üçün dövlət büdcəsi parlament tərəfindən bəyənilmişdir.
Lakin yazda hakim partiya büdcənin tam həcmdə icrasına lazım olan qiymətli kağızların buraxılması haqqında qanun qəbul etmək üçün kifayət qədər səs toplaya bilməmişdir.