Yaponiyanın İto şəhərinin nümayəndələri İsmayıllıdan Bakıya yola düşüblər



İsmayıllı, 25 avqust, AZƏRTAC
Yaponiyanın İto şəhərindən “Dostluq mübadiləsi haqqında saziş” çərçivəsində İsmayıllıya gələn müəllim İnaba Naoka, yuxarı sinif şagirdi Suzuki Takeshi, universitet tələbəsi Umehara Taiga Bakıya yola salınıblar.
AZƏRTAC xəbər verir ki, Yaponiyadan gələn nümayəndə heyəti səfər proqramına uyğun olaraq İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələri, İvanovka kəndi ilə tanış olub, bir neçə ailəyə, o cümlədən Yaponiyanın İto şəhərinə gedən Mehin Əsgərli və Suğra Ağamalıyevanın ailələrinə baş çəkiblər. Qonaqlar milli mətbəximiz və adət-ənənələrimizlə yaxından tanış olublar. Nümayəndə heyəti, həmçinin Qəbələ, Şəki və Şamaxı rayonlarına da səfər ediblər.
Yola salınan qonaqlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İsmayıllının mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Müəllim İnaba Naoka qonaqpərvərliyə görə rayon icra hakimiyyətinə, 1 saylı tam orta məktəbin rəhbərliyinə, bütün ismayıllılılara minnətdarlığını bildirib. O, İsmayıllıdan xoş təəssüratlarla ayrıldıqlarını vurğulayıb.
Qonaqları İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, təhsil şöbəsinin müdiri Rasim Orucov, 1 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, İsmayıllıdan Yaponiyaya gedən və yapon dilini öyrənən şagirdlər yola salıblar.