DÜNYA
Yaponiyanın mərkəzində 5,8 bal gücündə zəlzələ baş vermişdir
Tokio, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Yaponiyanın mərkəzi bölgəsində 5,8 bal gücündə zəlzələ baş vermişdir.
Yaponiyanın Milli Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Tokionun şimal-qərbində yerləşən Toçiqi əyalətində, ocağı 10 kilometr dərinlikdə yerləşmişdir.
Yaralananlar və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməmişdir.
Yeraltı təkanların paytaxt Tokio da daxil olmaqla ətraf prefekturalarda hiss edildiyi bildirilir. Zəlzələdən dərhal sonra sürətli Şinkansen qatarlarının hərəkəti dayandırılmış, yoxlamadan sonra bərpa edilmişdir.
Yeraltı təkanlar qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyasında heç bir problem yaratmamışdır. Telefon xətlərinin də normal vəziyyətdə işlədiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio