DÜNYA
Yaponiyanın Okinava adalarında seçicilər tufana görə daha tez səs verməyə başlayıblar
Tokio, 27 sentyabr, AZƏRTAC
Yaponiyanın cənub-qərbində yerləşən Okinava adalarına yaxınlaşan güclü tufana görə qubernator seçkilərində bəzi uzaq adaların sakinləri ilkin mərhələdə səs verməyə başlayıblar.
Okinava prefekturasının sabiq qubernatoru Takeşi Onaqi öldükdən sonra sentyabrın 30-da sakinlər yeni lider seçəcəklər.
Taketomidə seçki məntəqələri beş adada yerləşdiyinə görə nəqliyyat problemi ilə əlaqədar təşkilatçılar əvvəlcə seçkiləri bir gün əvvəl keçirməyi planlaşdırırdılar. Lakin qarşıdakı istirahət günlərində “Trami” tufanının Taketomiyə yaxınlaşması ilə əlaqədar seçicilərdən aprelin 27-də seçki məntəqələrinə gəlmələri xahiş edilib.
Bu şəhərdə seçki hüququna malik olan təqribən 3440 seçici yaşayır. Seçki məntəqəsinin üzvləri bülletenləri gəmi ilə götürərək bazar gününədək regionun mərkəzi hesab edilən İşiqaki adasına çatdırmalıdırlar.
Okinavaya daxil olan daha 6 uzaq adanın seçiciləri isə bülletenləri sentyabrın 28-də təhvil verməlidirlər. Bu adalarda təqribən 3300 seçicinin yaşadığı bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio