REGİONLAR
Yaponiyanın ölkəmizdəki səfiri Qəbələdə olub
Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi Qəbələ rayonuna səfər edib. Səfər çərçivəsində səfir rayon rəhbərliyi ilə görüşüb, istehsal müəssisələrinə baş çəkib, bu qədim diyarın tarixi məkanları ilə tanış olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayon icra hakimiyyətində keçirilən görüş zamanı icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yaponiyalı diplomata Qəbələ rayonunun tarixi, mədəniyyəti, sosial-iqtisadi göstəriciləri barədə məlumat verib, son illər Yaponiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişlənməsindən bəhs edib. Bildirilib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun timsalında daha aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, hələ 2006-cı ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Uludaş kəndində 280 şagird yerlik, 2007-ci ildə isə Kötüklü kəndində 240 şagird yerlik yeni məktəb binalarının tikilib istifadəyə verilməsi iki ölkə arasında olan əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir.
Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 30-cu ildönümü münasibətilə 2022-ci ilin “Dostluq ili” adlandırıldığını vurğulayan səfir Vada Cuniçi Qəbələ rayonunda aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirib, sosial-iqtisadi sahənin inkişafı istiqamətində rayona uğurlar arzulayıb.
Səfər çərçivəsində səfir Vada Cuniçi və onun başçılıq etdiyi nümayəndə heyəti Qəbələ “Gilan Qida Şəhərciyi”ni, “ASPİ Agro” MMC-nin “Savalan” üzüm emalı və şərab istehsalı müəssisəsini, Qəbələ farel damazlıq təsərrüfatını, Qəbələ Dövlət Tarix Bədii Qoruğunu, Nic qəsəbəsində yerləşən “Müqəddəs Məryəm Ana” alban kilsəsini ziyarət edib, rayonun turizm infrastrukturu ilə tanış olub.