DÜNYA
YAPONLARA AİLƏ HƏYATINA HAVA LİMANINDA BAŞLAMAQ TƏKLİF EDİLMİŞDİR
Bakı, 1 iyun (AZƏRTAC). Tokionun Narita Beynəlxalq hava limanında toy mərasimləri təşkil ediləcəkdir. İyunun 1-də burada keçirilən toy mərasimi sərnişinləri heyrətləndirmişdir. Doğrudur, bu dəfə bəylə gəlin rolunda peşəkar artistlər çıxış etmişlər.
Bundan sonra bu cür toy mərasimləri ailə həyatının başlanğıcını qeyri-standart üsulla qeyd etmək arzusunda olanlar üçün təşkil ediləcək, həftədə bir dəfə, bazar, yaxud bayram günləri keçiriləcəkdir. Toy mərasimi 400 min yenə, yəni təxminən 4 min 400 ABŞ dollarına başa gələcəkdir.
Artıq neçə ildir ki, Narita hava limanı yaxınlığındakı mehmanxanalarda toy mərasimləri keçirilir.
Yaponiya toyları çox xərc tələb edən ciddi mərasimdir. Tam toy mərasimi üç ayindən ibarətdir. Əvvəlcə gənclər şərti olaraq xristian adətlərinə uyğun nikah bağlayır, sonra kimono geyinərək qədim yapon qayda-qanunu ilə evlənir, daha sonra adi bayram libasında qonaqların təbriklərini və hədiyyələrini qəbul edirlər.