REGİONLAR
Yaradıcı gənclərin əl işlərindən ibarət müsabiqənin qalibləri mükafatlandırılıb
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda təşkil edilən yaradıcı gənclərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət müsabiqə başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ərturan Mərdanov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, yaradıcı və istedadlı gənclərə göstərilən dövlət qayğısından, həmçinin sağlamlıq imkanları məhdud şəxslərə yaradılan şəraitdən danışıblar. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd istedadlı gənclərin bacarıqlarının üzə çıxarılması, sağlamlıq imkanları məhdud uşaqlarda özünəinamın artırılması və onların cəmiyyətə inteqrasiyasıdır.
Müsabiqəyə 49 gənc və sağlamlıq imkanları məhdud uşağın 100-ə yaxın əl işi təqdim olunub. Rəsm və dekorativ-tətbiqi sənət üzrə Veysəl Xudanlı və Firuz Novruzov birinci yerə layiq görülüblər. Məhəmməd Həsənli və Eldar Paşayev ikinci, Zəfər Quliyev, Nurtac Zamanova, Arzu Hüseynov və Abbas Cəlilov üçüncü olublar.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqə muxtar respublikanın Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Rəssamlar Birliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.