YARANMIŞ ƏLAQƏLƏR UĞURLA DAVAM ETDİRİLİR
Heydər Əliyev onun Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı bünövrəsi qoyulmuş faydalı əməkdaşlığın indiki mərhələdə uğurla davam etməsindən razılıqla söhbət açmışdır.
Əhməd əl-Yəhyanın başçılıq etdiyi nümayəndə heyətinin respublikamıza səfəri “Səudiyyə İnkişaf Fondu”nun texniki missiyası çərçivəsində həyata keçirilir və ölkəmizlə əməkdaşlığın konkret sahələrini müəyyənləşdirmək məqsədi daşıyır.
Qonaq demişdir ki, Azərbaycanda keçirilən görüşlər zamanı ikitərəfli əməkdaşlığın predmeti ola biləcək sahələrin bir çoxu aydınlaşdırılmış və o, öz ölkəsinə qayıdarkən bu barədə Səudiyyə Ərəbistanının dövlət başçısına geniş məlumat verəcəkdir.
Söhbət zamanı iki ölkə arasında iqtisadi, ticarət, maliyyə məsələləri barədə geniş fikir mübadiləsi aparılmış, maşınqayırma və metallurgiya sənayesi sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Qəbulda respublikamızın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı iştirak etmişdir.
Aslan Aslanov
AZƏRTAC-ın müxbiri