MƏDƏNİYYƏT
“YARAT!” Müasir İncəsənət Məkanı və “Future Shorts” film festivalı 2013-cü ilin yay mövsümünü açıq elan edir
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 14-də “YARAT!” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Yaşıl Teatrın böyük ekranında dünyanın ən böyük qısametrajlı film festivalı- “Future Shorts” çərçivəsində qısametrajlı filmlər nümayiş etdiriləcəkdir.
“YARAT!” Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirmişlər ki, “Future shorts” dünyanın 90 ölkəsində, 300 şəhərində, 6 qitəsində keçirilən və 1400 nümayişdən ibarət ən nəhəng qısametrajlı filmlər festivalıdır.
“Future Shorts” və “Secret Cinema” festivallarının yaradıcısı və interaktiv tədbirlərin təşkili ilə məşğul olan “Future Cinema” şirkəti cari il iyulun 29-da “Future Shorts” festivalının yay mövsümünü açıq elan etmişdir.
Artıq 10 ildir ki, dünyanın ən möhtəşəm məkanlarında insanları cuşa gətirən qısametrajlı filmləri və bu filmlərin rejissorlarını geniş ictimaiyyətə təqdim edən “Future Shorts” festivalı Finlandiyadan Meksikayadək, Monqolustandan Qazaxıstanadək qısametrajlı film pərəstişkarlarından ibarət dünyanın ən böyük tamaşaçı auditoriyasını özünə cəlb etməyə müvəffəq olmuşdur. Dünyanın 90 ölkəsində “pop-up” janrında təşkil olunan ən böyük film festivalı hər kəs üçün istədiyi məkanda festival nümayişlərini təşkil etməklə özünü qlobal incəsənət ictimaiyyətinin bir hissəsi kimi duymaq imkanı yaradır.
“Future Shorts” festivalının 2013-cü ilin yay mövsümü üçün tərtib olunan proqramında dünyanın müxtəlif ölkələrindən seçilmiş və tənqidçilərin rəğbətini qazanmış 6 film öz əksini tapmışdır.
Rejissor Franses Bodomonun “Boneshaker” (“Sarsıntı”, ABŞ, 2012) filmində Amerikada azmış Afrika ailəsinin mücadiləsi təsvir olunmuşdur. Rejissor Viktor Kerrinin “La Huida” (“Qaçış”, İspaniya, 2013) filmi müəyyən hadisənin müxtəlif nöqteyi-nəzərdən və prizmadan təhlil olunmasından bəhs edən bir tapmacadır. Sara Qunnarsdottirin “The Pirate of Love” (“Məhəbbət qulduru”, İslandiya, 2013) cizgi filmində həvəskar musiqiçi Deniel S. haqqındadır. “The Hidden Smile” (“El somriure amagat”, “Gizli təbəssüm”) filminin rejissoru Ventura Durall uşaqların qurduğu çiçəklənən cəmiyyətdə hökm sürən dəyərlər haqqında real hekayəni nəql edir. 2013-cü ilin Sandens festivalında “Ən yaxşı qısametrajlı cizgi filmi” kateqoriyası üzrə qalib elan olunmuş, rejissor Toni Donohyunun “Irish Folk Furniture” (“İrland milli mebeli”, İrlandiya, 2012) sənədli cizgi filmi ənənəvi irland mebelinin tarixçəsidir və nəhayət, Maxaliya Belonun “Volume” (“Səsin ucalığı”, Böyük Britaniya, 2012) filmində Corcinanın əsrarəngiz şəkildə qeyb olması qonşusu Sem tərəfindən izah edilir.