REGİONLAR
Yardımlıda "Milli dövlətçiliyimizin möhkəmlənməsində Heydər Əliyevin xidmətləri" mövzusunda onlayn tədbir keçirilib
Yardımlı, 1 may, Bağır Əliyev, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "Milli dövlətçiliyimizin möhkəmlənməsində Heydər Əliyevin xidmətləri" mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Alışov, Horavar kənd tam orta məktəbinin tarix müəllimi Sərxan Musayev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, müstəqilliyimizin və dövlətçiliyimizin qorunub saxlanılması Ulu Öndərin adı ilə bağlıdır. Tarix XX əsrdə Azərbaycan xalqına Heydər Əliyevin timsalında dahi rəhbər və müdrik dövlət xadimi bəxş etdi. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizin qorunub möhkəmlənməsində müstəsna rol oynadı. Hazırkı müstəqil Azərbaycan ulu öndər Heydər Əliyev dühasının, onun misilsiz xidmətlərinin bəhrəsidir.
Diqqətə çatdırılıb ki, hazırda Ulu Öndərin siyasi kursu onun varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.