REGİONLAR
Yardımlıda taxıl biçininə başlanılıb
Yardımlı, 25 iyun, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunun taxıl sahələrində məhsul yığımı kampaniyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qısa müddətdə 15 hektar sahənin məhsulu biçilib.
Rayonda taxıl yığımı kampaniyasını keyfiyyətlə və optimal müddətdə başa çatdırmaq üçün biçinə 6 kombayn, maşın və mexanizmlər, canlı qüvvə cəlb olunub.
Hazırda rayonun Zevin, Astanlı, Yolocaq, Vərov vər Ərus kəndlərində taxıl biçini davam etdirilir.
Ötən ilin payızında rayonda 3,4 min hektar sahədə taxıl əkilib. Bunun 1000 hektarını arpa, 1000 hektarını çovdar, 3,2 min hektarını isə buğda təşkil edir.
2019-cu ildə taxıl sahələrində hər hektara 22,5 sentner məhsul götürən məhsul istehsalçıları bu il nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, mineral və üzvi gübrələrdən istifadə etməklə ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə, sahələrdə bol məhsul yetişib.
Bu il rayonda 8 min tondan çox taxıl istehsal edilməsi nəzərdə tutulub.