REGİONLAR
Yardımlının Avun kəndində modul tipli yeni məktəb binası istifadəyə verilib
Masallı, 17 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 17-də Yardımlı rayonunun Avun kənd ümumi orta məktəbi üçün inşa edilmiş modul tipli bina istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 56 şagird yerlik yeni məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Yeni məktəb binasının açılış mərasimində çıxış edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov məktəbin müəllim və şagirdlərini əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə edilib. Dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələr simasını dəyişib, müasirləşib, əhalinin rifah halı daha da yaxşılaşıb. Məhz bu inkişafın nəticəsidir ki, bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur.
Mərasimdə çıxış edənlər Dövlət Müstəqilliyi Günü ərəfəsində onlara ərməğan edilən bu gözəl töhfəyə, ucqar dağ rayonunun inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları yeni məktəb binasında yaradılan şəraitlə tanış olublar.