YAROSLAVLDA AZƏRBAYCAN ALİMİNİN XATİRƏ LÖVHƏSİ AÇILMIŞDIR
Təntənəli mərasimdə iştirak edən Ümumrusiya Azərbaycan Konqresinin müşaviri Manaf Ağayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müəllim kollektivi və cıxış edənlər böyük alim və ləyaqətli insan Yusif Musabəyovun xidmətlərindən, onun geniş erudisiyasından və hərtərəfli maraq dairəsindən ətraflı söhbət açmışlar.
Pedaqoji, elmi və təşkilatçılıq fəaliyyətini əlaqələndirən alim kimyanın tarixi ilə təcrübi və nəzəri kimyəvi tədqiqatların bağlılığı ideyasını həmişə müdafiə etmişdir. Tarixçi kimi, Musabəyovun elmi maraqları bu sahədə çatışmazlıqların aradan qaldırılması vəzifəsinə yönəldilmişdi. O, rus kimyaçıları tərəfindən daha mühüm maddələrin sintezi tarixini araşdırmışdır. Onu, haqlı olaraq, qidanın kalorililiyinin müəyyənləşdirilməsinin orijinal üsulunun yaradıcısı və quru spirtin ixtiraçısı hesab edirlər.
Xatirə lövhəsinin açılışı münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, kimya elmləri doktoru, akademik Ramiz Rizayevin adından bu qeyri-adi insanın, gözəl alimin xatirəsinin əbədiləşdirilməsinə görə, Yaroslavl şəhərinin və Texniki Uviversitetinin rəhbərliyinə, həmyerlimizin bütün silahdaşlarına və həmkarlarına səmimi minnətdarlıq bildirilmişdir.
Musabəyovlar ailəsi adından çıxış edən alimin qızı Nelya Musabəyova mərasim iştirakçılarına təşəkkür etmişdir.