İQTİSADİYYAT
Yasamal rayonu Bəsti Bağırova küçəsində asfaltlanma işləri icra olunur


Bakı, 8 fevral, AZƏRTAC
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi əsaslı şəkildə yenidən qurulur. Küçənin uzunluğu 450 metr təşkil edir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yararsız səki daşları sökülərək 1100 poqonometr uzunluğunda yeni səki daşları ilə əvəz olunub. Hazırda 8390 kvadratmetr sahədə yeni piyada səkiləri yaradılır, 6530 kvadratmetr sahədə hərəkət hissədə asfaltlanma işləri icra olunur.
Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, küçəboyu yeni yağış barmaqlıqlarının, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələrinin qaldırılaraq 78 ədəd yeni baxış qapaqlarının qoyulması nəzərdə tutulub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və xüsusi parkinq yerləri ilə təmin olunaraq vətəndaşların istifadəsinə veriləcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan yenidənqurma işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Giləzi (110 metr), Murtuza Muxtarov (329 metr), Cabbar Qaryağdıoğlu (188 metr), Mirzə Fətəli Axundzadə (119 metr) və Mustafa Sübhi (119 metr) küçələrində də aparılacaq.
Xatırladaq ki, AAYDA tərəfindən İnvestisiya Proqramları çərçivəsində 2019-2021-ci illər ərzində Yasamal rayonu ərazisində 20 kilometrdən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.