CƏMİYYƏT
Yasamalda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Bakı, 26 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Yasamal rayonunda Ü.Əkbərov küçəsi, 90 ünvanında fiziki şəxs İsmayılova Günay Arif qızına məxsus süd məhsullarının istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib. Həmçinin istehsal olunan qatıq, şor və dovğa məhsullarının etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb və müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.