“YAŞAT” düşərgəsinin 2-ci həftəsi başlayıb
Bakı, 25 iyul, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, düşərgənin ikinci həftəsinin ilk günündə hoteldaxili əyləncə saatının ardından uşaqlar üçün stolüstü idman oyunları və ferma gəzintisi təşkil olunub. İkinci gün isə idman saatında əyləncəli vaxt keçirən uşaqlar sonra psixoloqlarla görüşdə, komanda işi və müxtəlif əyləncə oyunlarında iştirak ediblər. Eyni zamanda, uşaqlar futbol ustad dərsi çərçivəsində “Neftçi” klubunun yarımmüdafiəçisi Ruslan Abışovla görüşüblər.
Tərəfdaşlar “PMD Hospitality” şirkəti və “Shamakhi Palace Sharadil” Hotelidir. Baş sponsor “Bakcell”, digər sponsorlar “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsidir.
Media dəstəkçiləri isə Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.