CƏMİYYƏT
“YAŞAT” payız düşərgəsi başa çatıb
Bakı, 1 noyabr, AZƏRTAC
“YAŞAT” Fondu, Göygöl Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycan Skautlar Assosiasiyasının tərəfdaşlığı ilə həyata keçirilən “YAŞAT” payız düşərgəsi uğurla yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-dən 31-dək Göygöl rayonunda təşkil olunan düşərgədə 18-24 yaş aralığında 22 şəhid övladı iştirak edib. Düşərgə müddətində iştirakçılar ekskursiyalar çərçivəsində “N” saylı hərbi hissəni, Göygölü, Maralgölü və Göygöl Şərab Zavodunu ziyarət ediblər.
Peşəkar skautlar tərəfindən düşərgə həyatının ayrılmaz hissəsi olan çadırların düzgün formada quraşdırılması, oxatma və səmtin təyin edilməsi təlimləri həyata keçirilib. Düşərgənin sonuncu günü bağlanış mərasimi keçirilib, iştirakçılara simvolik hədiyyələr təqdim olunub.
“YAŞAT” Fondu tərəfindən bundan sonra da şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlərin təşkili davam edəcək, onların yüksək səviyyəli təhsilinə dəstək göstəriləcək.
Layihənin sponsoru “SİRAB”dır.