MƏDƏNİYYƏT
“Yaşayan tarix” filminin disk variantı Böyük Vətən müharibəsinin iştirakçılarına təqdim edilmişdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də Bakı Biznes Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsində azərbaycanlıların göstərdikləri şücaəti əks etdirən “Yaşayan tarix” sənədli filminin disk variantının təqdimatı olmuşdur. Bu disklər eyniadlı layihə çərçivəsində hazırlanmışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndikdən sonra birinci mərhələsinə yekun vurulan “Yaşayan tarix” layihəsi haqqında geniş məlumat verilmişdir.
Layihənin rəhbəri Lamiyə Hüseynova bildirmişdir ki, layihənin həyata keçirildiyi bir ildən artıq müddətdə 400-dən çox veteran haqqında videoçəkilişlər aparılmışdır. Artıq 260 müharibə iştirakçısından bəhs edən 4 disk hazırdır.
Bildirilmişdir ki, layihənin icrasına 10-dan çox ali məktəbin 30 tələbəsi qatılmışdır. Onların gərgin fəaliyyəti nəticəsində Azərbaycanın 39 rayonunda çəkilişlər aparılmışdır.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin əhəmiyyətindən, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyindən və ATGTİ-nin uğurlu fəaliyyətindən danışmışdır. Nazir müavini demişdir ki, biz bu layihənin cari ilin sonunadək yekunlaşmasını istəyirik. Ona görə ki, qarşıda bir-birindən maraqlı layihələrimiz vardır.
Tədbirdə çıxış edən veteranlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və təqdim olunan diskləri yüksək qiymətləndirmişlər.