CƏMİYYƏT
Yastıpəncəlik nədir?
![Yastıpəncəlik nədir?](/files/2024/1/1200x630/17062521194449660510_1200x630.jpg)
Bakı, 26 yanvar, AZƏRTAC
Yastıpəncəlik - ayaq tağlarının yastılaşması nəticəsində yaranan deformasiyadır. Tibbi məlumatlara əsasən, müayinə olunan uşaqların 82 faizində ayaq tağlarının deformasiyası qeyd olunur.
Uşaqların yaşı artdıqca diz oynaqlarında, bud-çanaq oynağında, fəqərələrdə ağrı şikayətləri başlayır.
AZƏRTAC xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalovanın sözlərinə görə, yastıpəncəliyə oğlanlar və qızlar arasında eyni dərəcədə rast gəlinir. “Yastıpəncəlik yalnız simptom olduğu üçün son illər bu termini “valqus defor asiyalı pəncə” adlandırmağı daha üstün tuturlar, simptom adətən irsi xarakter daşıyır”, deyib.
Yastıpəncəliyin səbəbləri haqqında da məlumat verən həkim-cərrah bunun irsiyyət, nevroloji, uşağın artıq və ya az çəkili olması, vaxtından əvvəl yerimək və s. olduğunu bildirir. Uşaqlarda ayaq tağları 4-6 yaşa qədər formalaşır, buna görə də bu dövrdə yastıpəncəlik fizioloji xarakter daşıyır və ən çox yastıvalqus deformasiya formasında olur.
G.Acalova uşaqlarda müşahidə olunan bu simptomun anadangəlmə, paralitik, statik, posttravmatik növləri olduğunu da bildirir: “Yastıpəncəlik zamanı normal ayaq tağı görünmür, pəncə tam yastılaşır, dabanın ön şöbəsi fırlanır və pronasiyaya uğrayır. Uşaqlar çox yorulmadan ayaqlarda ağrı, ağırlıq hissindən əziyyət çəkirlər. Ayaqqabıda nəzərəçarpacaq dərəcədə daban hissənin içəriyə doğru əyilməsi baş verir. Uşaqların yaşı artdıqca diz oynaqlarında, bud-çanaq oynağında, fəqərələrdə ağrı şikayətləri başlayır. Ağırlıq mərkəzi dəyişdiyinə görə dayaq hərəkət aparatında funksional çatışmazlıq, hiperlordoz, kifoz, çanağın önə əyilməsi, yerişin pozulması baş verir”.
Həkim-cərrah bu simptomun diaqnostikasının ümumi baxış, güzgülü podoskopiya (güzgülü cihaz ilə ayaq tağlarının, ayaq altının, pəncənin müayinəsi), məktəb yaşlı uşaqlarda plantoqrafiya (mürəkkəbli kağız ilə ayaq altının şəklinin çəkilməsi və xətkeşlə ölçmənin aparılması), ən optimal metod olan rentgenoqrafiya metodları ilə aparıldığını da bildirib. Rentgenoloji olaraq boylama yastıpəncəliyin 3 dərəcəsi, köndələn yastıpəncəliyin isə 4 dərəcəsi təyin olunur.
Yastıpəncəliyin müalicə üsullarına da toxunan mütəxəssis bildirib ki, anadangəlmə yastıvalqus deformasiya zamanı körpənin həyatının birinci həftəsindən müalicəyə başlanılmalıdır: “Buraya masaj, müalicəvi bədən tərbiyəsi daxildir, ağır hallarda gips çəkməsi tətbiq olunur, fizioterapevtik metodlardan isə isti prosedurlar, maqnit dalğaları tətbiq olunur. Böyük yaşlı uşaqlarda isə ortopedik ayaqqabılar, supinatorlar, fizioterapiya, masaj, müalicəvi bədən tərbiyəsi tətbiq olunur. Əgər bu metodlar effektiv olmazsa, cərrahi əməliyyat məsləhət görülür”.
Həkim-cərrah bir daha valideynləri uşaq sağlamlığına qarşı diqqətli olmağa, onları mütəmadi olaraq qeydiyyatda olduqları uşaq poliklinikalarında tibbi müayinələrdən keçirməyə çağırır. Bu tibbi müayinələr zamanı uşaqlarda yastıpəncəlik və o cümlədən digər xəstəliklər aşkarlana və həkim-mütəxəssislər tərəfindən vaxtında zəruri tibbi müdaxilələr həyata keçirilə bilər.