İQTİSADİYYAT
Yaxın zamanlarda “Sovetski”nin kiçik sahəli mənzillərinin sakinləri evlərlə təmin olunacaq
Bakı, 23 iyun, Elvin Camalov, AZƏRTAC
Yaxın zamanlarda “Sovetski” nin kiçik sahəli mənzillərinin sakinləri rekonstruksiya edilən evlərlə təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakının “Sovetski” adlanan ərazisində sökülməli olan 3745 evdən 215-i qalıb. Bəzi evlərin ümumi sahəsi 20 kvadratmetrə qədər olduğu üçün sakinlərə verilən kompensasiya kifayət deyil. Həmin vəsaitə yeni mənzil ala bilməyən sakinlərin yeni evlə təminatı istiqamətində tədbirlər davam etdirilir.
Baş nazirin müavini qeyd edib ki, bəzi sökülən evlərin sahəsi 8-20 kvadratmetr arasında idi. Hər kvadrat metrə 1500 manat pul ödənilirdi. “Həmin vəsaitlə insanlar nə ev ala, nə kirayə qala bilərdilər. Biz iki köhnə 9 mərtəbəli yataqxananı rekonstruksiya edərək 220-ə yaxın ailəni orada yerləşdirdik. Qalan sakinlər isə bu yaxınlarda digər binaya yerləşdiriləcək”, - deyə Baş nazirin müavini vurğulayıb.