REGİONLAR
Yay mövsümündə Lənkəranın arıçılıq təsərrüfatlarında məhsuldarlıq artıb
Lənkəran, 1 iyul, Bağır Əliyev, AZƏRTAC
Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından insan orqanizmi üçün xeyirli, ekoloji tarazlığın qorunması sahəsində isə ən faydalı təsərrüfat sahəsidir. Ölkəmizin əlverişli təbii iqlim şəraiti, zəngin flora və faunası arıçılığın inkişafı üçün geniş imkanlar açır. Cənub bölgəsi bu məkanlardan biridir. Bölgənin arıçılıq təsərrüfatlarında iyun ayının ortalarında başlanan bal süzümü mövsümü davam edir.
AZƏRTAC xəbər verir ki, bu il havaların əlverişli keçməsi arıçılıq təsərrüfatlarında məhsuldarlığın artmasına səbəb olub. Lənkəran rayonunun arıçılıq təsərrüfatlarında yay balının süzümü mövsümünə iyunun 15-dən başlanılıb.
Arıçı Elşad Qurbanov bildirib ki, ötən il təsərrüfatından 150 kiloqram bal götürmüşdüsə, bu il bu rəqəm 200 kiloqramdan artıq olacaq.
Balın qiymətinə gəlincə, Lənkəranda bir kiloqram təmiz bal 15-20 manata satılır.
E.Qurbanovun sözlərinə görə, bazarda hər rayon üzrə bal fərqli dad verə bilər. Bu, həmin ərazinin təbiəti, flora və faunası ilə əlaqədardır.