MƏDƏNİYYƏT
“YAY!” qalereyasında gənc rəssamın ilk fərdi sərgisi açılacaqdır
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 14-də “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında rəssam Vüsal Rəhimin ilk fərdi sərgisi açılacaqdır.
Sərgiyə müəllifin rəsm əsərləri və heykəltəraşlıq nümunələri daxil olacaqdır.
“YARAT!” Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirmişlər ki, “Black Woman” ekspozisiyası - qadına, anaya, məşuqəyə həsr edilmiş özünəməxsus qəsidədir. Qadın təbiətinin ölçülməzliyi və iki tərəfə meylli olması Vüsal Rəhimi çoxdan narahat edir. Onun qəhrəmanı real, həqiqi qadındır. Məişət həyatı ilə yüklənmiş qadın dünyaya öz mövqeyindən baxır. Bu qadın zərifliyin özəyidir və onun müdafiəyə ehtiyacı vardır. Eyni zamanda, o, doğma və yaxın insanların dirəyi və dayağı ola bilər. Ruhun və cismin başlanğıcı möcüzəli formada onun obrazında birləşmişdir. Yeni əsrin şair və rəssamları da əvvəlki nəsillər kimi bu sirdən ilhamlanır.
Vüsal Rəhimin interpretasiyasında olan qadın obrazları bütpərəstlərin məhsuldarlıq ilahələrinin iriölçülü bədən fiqurlarını və onların eynən böyük həyat enerjisini əks etdirən qədim totem təsvirlərini xatırladır.
Vüsal Rəhim 1987-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Bir ildən çoxdur ki, o, “YARAT!” Müasir İncəsənət Məkanının layihələrində iştirak edir, həmçinin quruluşçu-rəssam kimi bəzi Bakı teatrları ilə əməkdaşlıq edir. Vüsal Rəhimin quruluşçu rəssamı olduğu tamaşalar uğurla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Musiqili Teatrında təqdim edilmişdir.