MƏDƏNİYYƏT
Yazıçının yeni kitabında Qarabağ hadisələrindən bəhs edən roman da yer alıb
Bakı, 2 iyul, AZƏRTAC
Yazıçı Kamil Əfsəroğlunun "Tüfəng açıldı" roman və hekayələr kitabı çap edilib.
AZƏRTAC xəbər verir ki, kitaba müəllifin son illərdə yazdığı əsərlər daxildir. Kitab "İt qanı" romanı ilə açılır. Bu roman Rusiyanın "Don" jurnalında da dərc olunub və əsər rus oxucuları tərəfindən maraqla qarşılanıb.
Romanın süjeti Qarabağ hadisələri üzərində qurulub və real olaylar, tarixi faktlar əsərdə bədii həllini tapıb. Yazıçının bu əsərdə də realizm ənənələrinə sadiq qalması, həyat hadisələrini ədəbiyyata gətirmək bacarığı, maraqlı obrazlar qalereyası yarada bilməsi, həmçinin dramatizm, kolliziya və konfliktlərdən doğan situasiyalar əsəri oxunaqlı və maraqlı edir, insanları düşündürür.
Müəllif əsərin qəhrəmanı Kaftar Kərimin obrazında müharibənin insanların mənəviyyatını necə dəyişdirdiyini, onları qəddarlaşdırdığını ustalıqla və zəngin bədii çalarlarla, koloritli dillə verə bilir. Oxucu hadisələrin mahiyyətinə varır, onu maraqlandıran bir çox suallara cavab tapır.
Kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı "Soyuq ocaq", "Qladiator", "Tayqulaq", "Çat", "Nırx", "Tüfəng açıldı", "Burulğan" və digər hekayələri də daxildir.
Yazıçının hekayələri Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Türkiyədə çap olunaraq müəllifinə böyük şöhrət qazandırıb.