İQTİSADİYYAT
Yeddi kəndi birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir
Quba, 16 may (AZƏRTAC, Elxan Yusifli). Yeddi min nəfər əhalinin yaşadığı, 7 kəndi birləşdirən 23 kilometrlik Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, tikinti işlərinin birinci mərhələsində yol genişləndirilmiş, suötürücülər quraşdırılmış və iki körpü tikilmişdir. Artıq yola birinci qat asfalt-beton örtüyü vurulmuşdur. Hazırda isə asfalt-beton örtüyünün ikinci qatı çəkilir. Yüksək keyfiyyətli, müasir standartlara uyğun avtomobil yolunun tikintisi iyun ayında başa çatdırılacaqdır.
Qeyd edək ki, yolun tikintisi Prezident İlham Əliyevin Sərəncamı əsasında həyata keçirilir. Bu məqsədlə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,3 milyon manat vəsait ayrılmışdır.